Görüş təyin edin
AFFIDACONS
AZ EN
+994102242797 info@affidacons.com

Bloqlar

Avropa İnsan Hüquqları Məhkəməsi üçün qərarvermə zamanı Ümumi Qayda (Ordre Public)

  • ƏSAS SƏHİFƏ
  • Bloqlar
  • Avropa İnsan Hüquqları Məhkəməsi üçün qərarvermə zamanı Ümumi Qayda (Ordre Public)
Avropa İnsan Hüquqları Məhkəməsi üçün qərarvermə zamanı Ümumi Qayda (Ordre Public)
18 Sep 2026 Məryəm Əlizadə

Müasir hüquq sistemlərində insan hüquqları ilə dövlətin legitim maraqları arasında balansın təmin olunması hüququn tətbiqində ən mühüm və eyni zamanda ən mürəkkəb məsələlərdən biridir. Xüsusilə Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində bu balansın qorunması həm fərdin fundamental hüquqlarının müdafiəsi, həm də dövlətin ictimai maraqları və təhlükəsizliyi arasında ədalətli tarazlığın yaradılmasını zəruri edir.

Avropa İnsan Hüquqları Məhkəməsi bu balansın qorunmasını qiymətləndirərkən qərarvermə zamanı ümumi qaydaya istinad edir. Bu ümumi qaydalar məhkəmənin illərlə formalaşmış praktikasında öz əksini tapan əsas hüquqi prinsiplərdir. Onlar AİHM-in fərqli işlər üzrə qərarlarında sabit, ardıcıl və obyektiv yanaşmanı təmin edir.

Ümumi qayda kollizion normanın (yəni, hansı ölkənin qanununun tətbiq olunacağına dair norma) seçdiyi xarici hüququn tətbiqindən imtina etməyə imkan verən bir müstəsna haldır.

Əgər xarici ölkənin hüquq normalarının tətbiqi tətbiq edən dövlətin (məsələn, Azərbaycanın) Konstitusiyası, əsas qanunvericiliyi və mənəviyyatının təməl prinsiplərinə zidd olarsa, məhkəmə o xarici hüququ tətbiq etməkdən imtina edərək öz milli hüququnu tətbiq edə bilər. Bu, dövlətin öz fundamental dəyərlərini qoruma mexanizmidir.

İnsan Hüquqları üzrə Avropa Konvensiyasının bəzi maddələri, məsələn, 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 9-cu (fikir, vicdan və din azadlığı), 10-cu (fikri ifadə etmək azadlığı) və 11-ci (yığıncaqlar və birləşmək azadlığı) azadlıqlara məhdudiyyət qoyulmasına icazə verir. Lakin bu məhdudiyyətlər yalnız müəyyən qanuni məqsədlərə çatmaq üçün qoyula bilər və bunlardan biri də “ictimai qaydanın qorunması”dır.

AİHM qərarlarında “ictimai qaydanın qorunması” (public order) dedikdə cəmiyyətin dinc, nizamlı və qanunlara uyğun fəaliyyəti nəzərdə tutulur. Bu, əsasən, cinayətin qarşısının alınması, iğtişaşların yatırılması və ümumilikdə asayişin təmin edilməsi kimi sahələri əhatə edir. Ümumi qayda, əsasən, cəmiyyətin və dövlətin fundamental, təməl hüquqi prinsiplərini və dəyərlərini qorumağa yönəlib.

İctimai təhlükəsizlik (Public Security) isə Konvensiyanın məhdudiyyət müddəalarında daha çox istifadə olunan, fiziki təhlükəsizlik, asayiş və sabitliyi təmin etməyə yönəlmiş, daha spesifik və praktik bir məqsəddir.

Məsələn, beynəlxalq xüsusi hüquq sahəsində əgər hər hansı iş üzrə tətbiq edilməli olan xarici hüquq ölkənin “ümumi qaydasına” ziddirsə, məhkəmə bu hüququ tətbiq etməkdən imtina edə bilər.

Bu, dövlətin suverenliyini və milli hüquqi dəyərlərini qorumağa yönəlmiş müdafiə mexanizmidir.

Beləliklə, milli hüquqda ümumi qayda ölkənin əsas konstitusion prinsiplərinə, ictimai əxlaqa və ya hüquqi nizamın sabitliyinə zidd olan xarici hüquq normalarının tətbiqinə qarşı sərhəd funksiyası daşıyır.

Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində “ümumi qayda” termini “public order”, “public safety” və “public security” anlayışları ilə eyniləşdirilməsə də, funksional baxımdan oxşar məqsədə xidmət edir. AİHK-də bu anlayış, əsasən, insan hüquqlarının məhdudlaşdırılması üçün legitim əsas kimi çıxış edir.

Beləliklə, AİHK çərçivəsində “ümumi qayda” artıq xarici hüququn rədd edilməsindən çox, ictimai sabitliyi qorumaq üçün dövlətin legitim maraqlarını ifadə edən hüquqi əsas rolunu oynayır. Hər iki halda bu termin hüququn əsas məqsədinə - fərdi azadlıqlarla ictimai maraqlar arasında balansın təmin edilməsinə xidmət edir, lakin tətbiq forması və hüquqi funksiyası fərqlənir.

AİHM “ümumi qayda” termininə dar, avtonom və demokratik prinsiplərə əsaslanan bir məna verir, bununla da dövlətlərin subyektiv məhdudiyyət tətbiq etmə ehtimalını minimuma endirir. Dar mənada, AİHM “ümumi qayda”nı Konvensiya məqsədlərinə uyğun olaraq məhdud şəkildə şərh edir. Məhkəmə dövlətlərin istənilən sosial narahatlığa bu adla məhdudiyyət tətbiq etməsinə icazə vermir. Avtonom mənada, AİHM dövlətlərin öz milli hüququnda nəyi “ictimai qayda” hesab etməsinə əsaslanmır. Məhkəmə bu termini Konvensiyanın özü çərçivəsində öz müstəqil şərhini verir. Demokratik prinsiplərə əsaslanma məhdudiyyətin tətbiqi zamanı ən vacib olan “demokratik cəmiyyətdə zərurət” meyarına istinad edir. Məhdudiyyət yalnız təxirəsalınmaz ictimai ehtiyac olduqda proporsional şəkildə tətbiq edilə bilər. Dövlətlərin subyektiv məhdudiyyət tətbiq etmə ehtimalının minimuma endirilməsi isə digər üç yanaşmanın nəticəsidir. Ciddi nəzarət və məhdud şərh sayəsində AİHM dövlətlərin siyasi məqsədlərlə insan hüquqlarını asanlıqla poza bilməsinin qarşısını alır.

İfadə azadlığı (Maddə 10) Handyside Birləşmiş Krallığa qarşı işində nəşriyyatçının “Little Red Schoolbook” adlı kitabın nəşrinə görə cəzalandırılması.

Handyside Böyük Britaniyaya qarşı (5493/72) 1976-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qərar verilmiş bir işdir. Onun yekununda məşhur ifadə var:

İfadə azadlığı... yalnız müsbət qarşılanan və ya təhqiramiz və ya laqeydlik kimi qiymətləndirilən “məlumat” və ya “ideyalara” deyil, həm də dövləti və ya əhalinin hər hansı hissəsini təhqir edən, şoka salan və ya narahat edənlərə də şamil edilir.  (Hökmün 49-cu bəndi)

Milli məhkəmə bunu əxlaqa və “ümumi qayda”ya zidd hesab edirdi. AİHM müəyyən etdi ki, əxlaq anlayışı ölkədən ölkəyə dəyişir (Margin of Appreciation). Lakin dövlət məhdudiyyətin “təxirəsalınmaz ictimai ehtiyaca” xidmət etdiyini sübut edə bilməlidir. Məhkəmə göstərdi ki, ifadə azadlığı “təhqiredici, şokedici və ya narahat edici” məlumatlara da şamil olunur.

“Margin of appreciation”dan istifadə edərək məhkəmə bir səsə qarşı on üç səslə qərara aldı ki, Handyside-nin ifadə azadlığına müdaxilə həm qanunla nəzərdə tutulub, həm qanuni məqsəd daşıyır, həm də demokratik cəmiyyətdə zəruridir, beləliklə, AİHK-nın 10-cu maddəsi pozulmayıb. Əhəmiyyətli olan odur ki, bu iş qiymətləndirmə doktrinası üçün əhəmiyyətli inkişafa səbəb oldu. Məhkəmə əsaslandırdı:

Dövlət orqanları öz ölkələrinin həyati qüvvələri ilə birbaşa və davamlı təmasda olduqlarına görə prinsipcə bu tələblərin dəqiq məzmunu haqqında rəy vermək üçün beynəlxalq hakimdən daha yaxşı vəziyyətdədirlər. [1]

Sərbəst toplaşma azadlığı (Maddə 11) Cavid An Türkiyəyə qarşı.

Ərizəçi iddia edir ki, 1994-cü ildə ona yazılı şəkildə bildirildi ki, keçid icazəsi “təhlükəsizlik səbəbləri, ictimai maraq və dövlət əleyhinə təbliğat” səbəbindən rədd edilir. Bu məhdudiyyətlər onun sülh yığıncaqlarına və birləşmə azadlığına (Maddə 11) da mane olur. AİHM yekdilliklə qərara aldı ki, Maddə 11 (toplaşmaq və birləşmək azadlığı) pozulub. [2]

Bu qərar dövlətlərin kütləvi tədbirləri sadəcə ehtimal olunan narahatlıq səbəbindən “ümumi qayda” adı ilə qadağan etməsinin qarşısını alır.

AİHM “ümumi qayda”ya istinad edən məhdudiyyətlərin yalnız təxirəsalınmaz xarakter daşıdığı hallarda (məsələn, zorakılıq təhlükəsi) məqbul olduğunu qəbul edir.

Məhkəmə hər bir halda dövlətin tətbiq etdiyi məhdudiyyətin əldə etmək istədiyi “ümumi qayda” məqsədinə proporsional olub-olmadığını yoxlayır.

Beləliklə, məhkəmənin “ümumi qayda”nın sui-istifadə edilməsinə qarşı qoruyucu rol oynadığını vurğulamalıyıq.

Rusiya Federasiyası AİHM qərarlarının icrasına qarşı ən kəskin müqavimət göstərən ölkələrdən biri idi. Rusiya Konstitusiya Məhkəməsi, xüsusilə “Yukos” (OAO Neftyanaya Kompaniya Yukos Rusiyaya qarşı) işi üzrə ərizəçi iddia etdi ki, tədbirlər siyasi motivlidir və mülkiyyət hüququnu (AİHM, Maddə 1, Protokol 1) pozur. [3] AİHM-in böyük məbləğdə kompensasiya ödənilməsinə dair qərarını tanımaqdan imtina etmək üçün “Konstitusiyanın Üstünlüyü” prinsipini əsas götürdü. RKM qərar verdi ki, AİHM-in qərarları Rusiya Konstitusiyasındakı “ümumi hüquqi prinsiplərə” və ya “Konstitusiya identikliyinə” zidd olarsa, icra edilə bilməz. [4]

Almaniya Konstitusiya Məhkəməsinin mövqeyi daha yumşaqdır, lakin eyni əsas mübahisəyə (milli konstitusiya prinsiplərinin üstünlüyü) əsaslanır.

Solange Doktrinası (“Solange I” və “Solange II”) Avropa İttifaqı (Aİ) hüququnun və Avropa Konvensiyası hüququnun tətbiqi ilə bağlı yaranmışdır. RKM-dən fərqli olaraq, AİHM qərarlarının icrasından birbaşa imtina edilməmişdir, lakin prinsipial olaraq Konstitusiya Məhkəməsi belə bir səlahiyyəti özündə saxlayır.

Əvvəlcə, Almaniya KM bəyan etmişdi ki, Avropa hüququ Almaniya Konstitusiyasının təməl hüquqlarının səviyyəsinə çatmayana qədər Konstitusiya Məhkəməsi Avropa hüquqi aktlarını milli təməl hüquqlar baxımından yoxlamaq səlahiyyətini saxlayır. (1974) Bu prinsip daha çox Aİ qərarlarına yönəlsə də, əsas mahiyyət eynidir. Əgər beynəlxalq orqanın qərarı dövlətin Konstitusiya ilə qorunan fundamental prinsiplərini (yəni, milli “ümumi qayda”sını) pozarsa, milli hakimiyyət orqanları bunu tanımaqdan imtina edə bilər. [5]

Daha sonra 1986-cı il tarixli Solange II qərarı ilə Almaniya mövqeyini yumşaltdı. Məhkəmə Avropa sistemində təməl hüquqların müdafiə səviyyəsi qənaətbəxş olduğu müddətcə yoxlama aparmayacağını bildirdi. [6]

Mövcud təhlilimizdə diqqət mərkəzində saxladığımız “ümumi qayda” (ordre public) anlayışının Beynəlxalq xüsusi hüquqdakı funksiyası, yəni xarici ölkənin qanununun milli məhkəmə tərəfindən tətbiqindən imtinaya imkan verməsi mövzusuna yekun vurarkən bu mexanizmin mahiyyətini və onun yaratdığı ziddiyyəti bir daha vurğulamaq zəruridir.

“Ümumi qayda” bu kontekstdə, milli dövlətin özünün hüquqi özünəməxsusluğunu (identikliyini), Konstitusiya əsaslarını və əsas mənəvi-sosial dəyərlərini qorumaq üçün tətbiq etdiyi sonuncu müdafiə xəttidir. Bu, bir dövlətin öz fundamental prinsiplərini qəbul edilməz şəkildə pozan xarici qanun və ya qərarların milli ərazidə hüquqi qüvvəyə minməsinin qarşısını alan suverenlik alətidir.

Lakin bu güc özündə ciddi bir ziddiyyət daşıyır. Bir tərəfdən, o, milli dəyərləri mühafizə edir, digər tərəfdən isə beynəlxalq hüquqi münasibətlərdə ən vacib olan hüquqi müəyyənliyi və proqnozlaşdırıla bilməni təhdid edir. Əgər milli məhkəmələr “ümumi qayda” terminini geniş və subyektiv şəkildə şərh etsələr, bu, beynəlxalq müqavilələrin tanınmasını çətinləşdirərək dövlətlərarası ticarət və digər münasibətlərdə xaos yarada bilər.

Nəticə olaraq Beynəlxalq xüsusi hüquqda “ümumi qayda” termini nə bir maneə, nə də bir səlahiyyət kimi, məhz balanslaşdırma vasitəsi kimi çıxış etməlidir. Bu mexanizmin funksionallığı dövlətlərin onu məhdud və obyektiv meyarlara (məsələn, Konstitusiyanın pozulması kimi) əsaslanaraq tətbiq etməsindən asılıdır. Yalnız bu cür tətbiq milli suverenliyin qorunması ilə beynəlxalq hüquqi əməkdaşlığın təmin edilməsi arasında zəruri kompromisi təmin edə bilər. Başqa sözlə, “ümumi qayda” beynəlxalq hüququn əsas prinsipləri pozulmadığı müddətcə milli hüquq sistemini açıq saxlamağa xidmət edir.

 

 

 

İstifadə edilmiş ədəbiyyat siyahısı:

[1] Case Of Handyside v. The United Kingdom (Application no. 5493/72) https://hudoc.echr.coe.int/eng?i=001-57499

[2] Case Of Djavit An v. Turkey (Application no. 20652/92) https://hudoc.echr.coe.int/fre?i=001-60953

[3] Case Of OAO Neftyanaya Kompaniya Yukos v. Russia (Application no. 14902/04) https://hudoc.echr.coe.int/eng?i=001-145730

[4] Rusiya Konstitusiya Məhkəməsi 14 iyul 2015-ci il tarixli qərarı http://publication.pravo.gov.ru/document/0001201507170018?index=1

[5] “Solange I” Qərarı (BVerfGE 37, 271 2 BvL 52/71 Solange I-Beschluß, 29 may 1974-cü il) https://law.utexas.edu/transnational/foreign-law-translations/german/case.php?id=588

[6] “Solange II” Qərarı (BVerfGE 73, 339 2 BvR 197/83 Solange II-decision, 22 oktyabr 1986-cı il) https://law.utexas.edu/transnational/foreign-law-translations/german/case.php?id=572

 

 

Bir şərh yazın

Bir şərh yazın

Axtar

Görüş təyin edin

PULSUZ HÜQUQİ MƏSLƏHƏT ALIN

Telefon +994102242797