book an appointment
AFFIDACONS
AZ EN
+994102242797 info@affidacons.com

Blogs

Qanun əmək haqqından tutur - bəs işçinin cibində nə qalır?

  • Home
  • Blogs
  • Qanun əmək haqqından tutur - bəs işçinin cibində nə qalır?
Qanun əmək haqqından tutur - bəs işçinin cibində nə qalır?
19 Oct 2026 Məhəmməd Babaşov

Qanun əmək haqqından tutur - bəs işçinin cibində nə qalır?

Əmək haqqı anlayışına Əmək Məcəlləsinin 154-cü maddəsindən çıxış edərək belə bir şərh verə bilərik ki, əmək haqqı işəgötürənin xərci, işçinin isə gəliri hesab edilir. Əmək Məcəlləsinin 9-cu maddəsində işçinin əsas hüquqlarından biri kimi əmək haqqı almaq hüququ təsbit olunur. Bununla belə, əmək haqqının müəyyən hissəsinin qanunla nəzərdə tutulmuş əsaslarla tutulması mümkündür. Əmək Məcəlləsinin 176-cı maddəsi isə bu tutulmaların miqdarına məhdudiyyətlər müəyyən edir. Həmin maddə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərh qərarı mövcuddur və bu qərarın bəzi aspektləri hüquqi müzakirəyə açıqdır.

İlk növbədə vurğulanmalıdır ki, Əmək Məcəlləsi işçi ilə işəgötürən arasında yaranan əmək münasibətlərini tənzimləyir. Konstitusiya Məhkəməsinin şərh verdiyi qərarda isə problem birbaşa işəgötürənlə işçi arasında deyil, işçinin kredit götürdüyü bankla onun arasında yaranan münasibətlərlə əlaqəlidir. Bu münasibətlərin mülki-hüquqi xarakter daşıması əmək qanunvericiliyinin tətbiqinin sərhədləri barədə suallar yaradır. İşəgötürənin funksiyası əmək haqqının ödənilməsini həyata keçirməkdən ibarət olduğu halda, onun əmək haqqından tutulmaların həyata keçirilməsindəki rolu və məsuliyyətinin hədləri dəqiq müəyyən edilməlidir. İşçinin əmək haqqını ödəyən bankla kredit münasibətlərinə daxil olması müəyyən praktiki risklər yarada bilər. Belə vəziyyətdə bank işçinin hesabına daxil olan vəsaitdən kredit borcunun ödənilməsi üçün istifadə edə bilər. Halbuki işçinin əmək haqqı onun gündəlik ehtiyaclarını, ailəsinin dolanışığını və digər zəruri xərclərini qarşılamaq üçün əsas gəlir mənbəyi ola bilər. Buna görə də kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə işçinin əmək haqqı almaq hüququ arasında tarazlığın qorunması vacibdir.

Bu məsələdə diqqət çəkən digər məqam Ali Məhkəmənin 14 dekabr 2022-ci il tarixli qərardadında ifadə olunan mövqedir. Həmin mövqeyə əsasən, kreditora borclunun əmək haqqının 20 faizindən artıq hissəsini akseptsiz qaydada tutmaq hüququ verən müqavilə şərti etibarsız hesab edilir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin mövqeyində kreditorla bağlanmış könüllü razılaşmaya əsasən əmək haqqından 50 faiz həddində tutulmanın mümkünlüyü qəbul edilir. Bu yanaşmalar arasında yaranan fərq hüquqi müəyyənlik baxımından müzakirə edilməlidir. Belə ki, işçi müqaviləyə razılıq verməklə qanunvericilikdə nəzərdə tutulan müdafiə mexanizmlərindən nə dərəcədə imtina edə bilər? Müqavilə azadlığı prinsipi işçinin əmək haqqının əhəmiyyətli hissəsindən məhrum edilməsinə əsas verə bilərmi?

Əmək Məcəlləsinin 176-cı maddəsinin 2-ci hissəsi icra sənədi əsasında tutulmaları nəzərdə tutur.,lakin icra sənədi əsasında aparılan tutulmalarla digər tutulmalar arasındakı fərqlər və müvafiq faiz hədlərinin tətbiqi praktikada hüquqi qeyri-müəyyənlik yarada bilər. Xüsusilə, maddənin birinci hissəsində nəzərdə tutulan 20 faizlik hədlə icra sənədləri üzrə tutulmaların münasibəti aydın şəkildə ifadə olunmalıdır. İşçi öz əmək haqqından hansı halda və hansı həcmdə tutulma aparıla biləcəyini əvvəlcədən bilməlidir. Əks halda, eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli yanaşmalar tətbiq oluna bilər.

Müqayisəli hüquqi təhlil baxımından Rusiya Federasiyasının Əmək Məcəlləsinin 138-ci maddəsinə də diqqət yetirmək olar. Həmin maddədə əmək haqqından tutulmaların ümumi hədləri, eləcə də müəyyən istisna hallar tənzimlənir. Ümumi qaydada 20 və 50 faizlik hədlər nəzərdə tutulduğu halda, aliment, sağlamlığa vurulmuş zərərin əvəzi və cinayət nəticəsində dəymiş zərərin ödənilməsi kimi hallarda tutulmaların 70 faizə çata bilməsi müəyyən edilir. Beləliklə, qanunverici həm kreditorun tələb hüququnu, həm də borclunun müdafiəsini nəzərə alaraq ümumi qaydadan istisnaları açıq şəkildə göstərir.

Azərbaycan qanunvericiliyində isə Əmək Məcəlləsinin 176-cı maddəsində maksimal hədlərin və istisnaların sistemli şəkildə ifadə olunması məsələsi əlavə təhlil tələb edir. “İcra haqqında” Qanunun 65.3-cü maddəsində müəyyən hallarda tutulmaların 70 faizdən çox ola bilməməsi nəzərdə tutulur. Bununla belə, əmək qanunvericiliyi ilə icra qanunvericiliyi arasındakı əlaqə daha aydın ifadə edilməlidir, çünki işçinin əmək haqqından yüksək məbləğdə tutulmalar aparılması onun yaşayış xərclərini qarşılamaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Məsələnin digər tərəfi isə əmək haqqından tutulmaların sosial nəticələridir. Əmək haqqı yalnız işçinin mülkiyyətində olan pul vəsaiti deyil, eyni zamanda onun və ailəsinin yaşayışını təmin edən əsas vasitələrdən biridir. İşçinin gəlirinin böyük hissəsinin tutulması nəticəsində mənzil, ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər zəruri ehtiyaclar üçün kifayət qədər vəsait qalmaya bilər. Bu baxımdan tutulmaların qanuniliyi ilə yanaşı, onların işçinin real yaşayış şəraitinə təsiri də nəzərə alınmalıdır. Əks halda, kreditorun tələb hüququnun müdafiəsi borclunun minimum yaşayış ehtiyaclarının təmin edilməsindən üstün tutulmuş olar.

Əmək Məcəlləsinin 176-cı maddəsinin 3-cü hissəsində istifadə edilən “islah işləri” ifadəsi də müəyyən suallar yaradır. Bu cəza növünün hüquqi mahiyyətini müəyyən etmək üçün Cinayət Məcəlləsinin müvafiq müddəalarına müraciət etmək lazımdır. Bununla yanaşı, şəxsin islah işləri cəzasını çəkdiyi müddətdə əmək münasibətlərinin hansı qaydada davam etməsi, əmək müqaviləsinin qüvvədə qalıb-qalmaması və əmək haqqının necə hesablanması məsələləri aydınlaşdırılmalıdır. Bu məsələlərin dəqiq tənzimlənməməsi həm işçi, həm də işəgötürən üçün hüquqi qeyri-müəyyənlik yarada bilər. Fikrimcə, əmək haqqından tutulmalarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi zamanı üç əsas istiqamət nəzərə alınmalıdır. Birincisi, tutulmaların ümumi və istisna hədləri, eləcə də müxtəlif qanunvericilik aktları arasındakı əlaqə aydın şəkildə müəyyən edilməlidir. İkincisi, əmək haqqından akseptsiz tutulmalara dair müqavilə şərtlərinin qanuni məhdudiyyətlərlə münasibəti dəqiqləşdirilməlidir. Üçüncüsü, tutulmalardan sonra işçinin sərəncamında qalmalı olan məbləğin minimum həddi məsələsi ayrıca qiymətləndirilməlidir.

Bütün bunları ümumiləşdirərək Əmək Məcəlləsinin 176-cı maddəsinə belə bir əlavə edilməsini təklif etmək olar: “176.3-cü maddədə göstərilən istisna hallar da daxil olmaqla, əmək haqqından tutulmalardan sonra işçinin sərəncamında qalan məbləğin minimum yaşayış ehtiyaclarını təmin etməyə imkan verən həddən aşağı düşməməsi təmin edilməlidir”. Bu təklifin konkret hüquqi mexanizmi və digər qanunvericilik aktları ilə uyğunluğu ayrıca müəyyənləşdirilməlidir.

Nəticə etibarilə, əmək haqqından tutulmalar məsələsinə yalnız borcun ödənilməsi və ya kreditorun hüquqlarının müdafiəsi baxımından yanaşmaq düzgün olmazdı. Burada müqavilə azadlığı, mülkiyyət hüququ, hüquqi müəyyənlik və işçinin sosial müdafiəsi arasında tarazlıq qorunmalıdır. Əmək qanunvericiliyinin əsas məqsədlərindən biri əmək münasibətlərində işçinin hüquqlarını qorumaq olduğuna görə, əmək haqqından tutulmaların elə qaydada tənzimlənməsi vacibdir ki, hüquqi öhdəliklərin icrası işçinin minimum yaşayış ehtiyaclarını təmin etmək imkanını aradan qaldırmasın.

 

İstinadlar

  • Əmək Məcəlləsi
  • İcra haqqında qanun
  • Rusiya Federasiyasının Əmək Məcəlləsi
  • Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair plenum qərarı
  • Ali Məhkəmənin 14 dekabr 2022-ci il tarixli “Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” qərardad

 

 

Leave a Comment

Leave a Comment

book an appointment

Free Case Evaluation

Phone +994102242797